Təklikdə belə bir xəbərin dövlət telekanalı tərəfindən tirajlanması diqqətəlayiqdir. Əgər bu, sadəcə bir “informasiya oyunu” və ya sınaq xarakterli gedişdirsə, o zaman burada söhbət hansısa özəl media orqanından deyil, birbaşa dövlətə məxsus media qurumunun atdığı addımdan gedir. Bu halda sual yaranır: belə bir “oyun xəbəri”nin məqsədi nə ola bilər, məgər bu məlumat “havadandır” və ya uydurmadır?
Donald Tramp prezident olduqdan sonra ABŞ mediasında belə bir məlumat yayılmışdı ki, o, Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvaya gələ bilər. Tramp bu xəbəri təkzib etmiş və bildirmişdi ki, belə bir səfər üçün heç bir əsas yoxdur. Eyni zamanda, ABŞ tərəfi bu ehtimalı müxtəlif bəyanatlarla zərif şəkildə Ukrayna məsələsində irəliləyişə bağlayırdı.
Bu baxımdan maraqlıdır ki, Rubionun Moskvaya səfəri barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı tərəfindən məhz o vaxt yayılır ki, ABŞ və Ukrayna arasında təbii ehtiyatlara dair razılaşma imzalanır. Bu, rəsmi olaraq ehtiyatlar, əslində isə daha geniş, strateji mövzularda razılaşma deməkdir. Qızıl Meydanda Vaşinqtonun yüksək səviyyəli təmsilçisinin iştirakı, əlbəttə, əgər mayın 9-dək Ukrayna məsələsində hansısa əhəmiyyətli razılaşma elan olunsa, mümkündür.
Bəs görəsən, Moskva bu istiqamətdə addım ata bilərmi ki, bu yolla Trampa dəstək versin, Tramp da öz növbəsində Rubionu bu dəfə Putinə dəstək üçün Moskvaya göndərsin? Belə bir “razılaşma oyunu” heç də fantastik görünmür, xüsusən də son aylarda bu cür imkanlara işarə edən ümumi konturlar tez-tez səsləndirilib.
Bu arada, amerikalı senator Lindsi Qrehem – Prezident Trampın yaxın tərəfdarlarından biri – bu gün bəyan edib ki, Rusiya əleyhinə yeni sərt sanksiyalar paketinə artıq 70-dən çox konqresmen dəstək verib. Həmin paketin əsas müddəası budur: əgər Moskva Kiyevlə danışıqlara getməsə, ABŞ Rusiya ilə enerji və digər məhsullar üzrə ticarət edən ölkələrə qarşı 500 faiz rüsum tətbiq edəcək.
Görünür, Qrehemin bu bəyanatı sırf emosional addım deyil. Böyük ehtimalla, ABŞ və Rusiya arasında azı bir ara razılaşma modelindən danışılır – elə bir model ki, hər iki tərəfə müəyyən mənada lazımdır, amma hərəsi onu öz maraqları üçün maksimal faydalı formatda görmək istəyir. Bu prosesdə həm “qamçı”, həm də “şirniyyat” üsulları işə salınıb. Bəs görəsən, mayın 9-dək hansısı qalacaq?
Asif Cəfərov
Ordu.az